Azərbaycanda qaçaq hərəkatı təxminən 200 il əvvəl Çar Rusiyasının işğalçılıq siyasətinə və onun yerli nümayəndələrinə, o cümlədən ağaların, bəylərin zülmünə qarşı başlayıb.
Bu hərəkatın ilk nümayəndələrindən biri Qaçaq Nəbi idi. 1854-cü ildə indiki Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olan Nəbi cəmi 42 il yaşayıb. Ancaq o, qısa həyatına saysız-hesabsız qəhrəmanlıqlar sığışdıra bilib. Belə ki, 1875-ci ildə, cəmi 25 yaşında qaçaqlığa başlayan Nəbi son nəfəsinədək yoxsul kəndlilərin dostu olub, darda onların köməyinə çatıb.
Yerli mülkədarların zülmündən cana doyan və onlara qarşı mübarizəyə başlayan bu unudulmaz xalq qəhrəmanı ömür-gün yoldaşı Həcərlə birlikdə dağlara çəkilib, çar hökumətinin yerli nümayəndələrinə, eləcə də tamahkar xanlara, bəylərə qarşı mücadilə aparıb.
Nəbinin igidliklərlə dolu həyat yolu haqqında şifahi və yazılı ədəbiyyatımızda bir-birindən bənzərsiz nümunələr yaranıb.